MƏHƏMMƏDƏLİ İBRAHİMLİ KİMDİR?

Məhəmmədəli Mütəllim oğlu İbrahimli 1996-cı ildə Beyləqan rayonunda anadan olmuşdur. O, əslən son müharibəyədək işğal altında olan Füzulinin Cuvarlı kəndindən idi. Məhəmmədəli İbrahimli 2003-2014-cü illər aralığında 215 nömrəli orta məktəbdə təhsil almışdır. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bakalavr təhsilini aldıqdan sonra 2018-ci ildə Azərbaycan Texniki Universitetində magistr təhsili almağa başlamış və 2020-ci ildə məzun olmuşdur. Məhəmmədəli İbrahimli hər zaman ətrafındakı insanlar tərəfindən vətənpərvər gənc olaraq tanınmış, hər kəsin dərin hörmət və sevgisini qazanmışdır. Bundan əlavə, o, Qarabağ futbol klubunun “İmarət” azarkeş qrupunun ən fəal üzvlərindən olmuşdur.

Düşmən səngərinə ilk girən şəhid kəşfiyyatçı əsgər

Məhəmmədəli İbrahimli 2020-ci ilin yayında doktorantura səviyyəsində təhsil almaq fikrindən imtina edib həqiqi hərbi xidmətə yollanmışdır. O, Azərbaycan Ordusunun kəşfiyyatçı əsgəri olmuş və 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsində iştirak etmişdir. Oktyabrın 3-dən 4-nə keçən gecə baş vermiş döyüşlərdə ağır yaralansa da, bir həftə hospitalda müalicə aldıqdan sonra gözləməsi barədə təkidlərə və tövsiyələrə rəğmən yenidən cəbhəyə qayıtmışdır. Məhəmmədəli İbrahimli 13 oktyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur və 15 dekabr 2020-ci ildə Sabunçu Şəhidlər Xiyabanında dəfn edilmişdir.

O, Azərbaycan Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etməsi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirməsinə görə “Vətən uğrunda”“Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.