Əziz soydaşlar,
Məhəmmədəli İbrahimli Təqaüd Proqramı olaraq bu təhsil ilini də uğurla başa vurmağın sevincini yaşayırıq. Bu il qalib olan tələbələrimizin adlarını bir daha qürurla paylaşaraq onları sizin də tanımağınızı istəyir və onlara gələcək həyatlarında uğurlar arzu edirik:
1) Fatimə Kərimli – Yaqelloniya Universiteti, Beynəlxalq Münasibətlər
2) Rahil İsazadə – Masarik Universiteti, Beynəlxalq Münasibətlər və Avropa Siyasəti
3) Çiçək Mollayeva – Vilnüs Universiteti, Molekular Biotexnologiya
4) Samirə Hüseynli – Vytautas Maqnus Universiteti, Gələcək Media və Jurnalistika
2024-2025-ci təhsil ili üçün qalib elan edilən 4 tələbəyə 9 ay ərzində 200 avro aylıq ianə verildi. Beləliklə, bu il 4 tələbə ümumilikdə 7200 avro məbləğində təqaüd qazana bilmişdir. Tamamilə ianələr əsasında formalaşan və əsasən ölkə xaricində yaşayan tələbə və gənc işçilərin yardımları ilə mövcudluğunu qoruyan fondumuz yarandığı dövrdən etibarən 12 tələbəyə 20.700 avro mükafat vermiş, müxtəlif karyera təlim və konsultasiyalarını təşkil edə bilmişdir. Bu il həm də Məhəmmədəli İbrahimli adına olan digər layihəmiz, İnkişaf Proqramı (MİİP) da ilk ilini uğurla başa vurmuşdur. Layihə çərçivəsində “Gələcəyin səfirləri” adlandırdığımız 23 tələbəyə karyera inkişafları ilə bağlı təcrübəli mentorlarımız tərəfindən təlimlər verilmişdir.
Son olaraq, alqış və paylaşımları ilə mənəvi dəstək olan hər kəsə, bütün ianəçilərimizə, Ocaq Teatrının komanda və rəhbərliyinə, İnkişaf Proqramının (MİİP) komanda və mentorlarına, artıq iki ildir ki, bir tələbənin təqaüd xərclərini öz üzərinə götürən Vyanada yaşayan azərbaycanlılara və xüsusilə, son aylarda maddi olaraq bizə dəstək olan İmarət Avropa azarkeş qrupuna minnətdarlığımızı bildirir və bizə inamlarını yüksək qiymətləndirdiyimizi bu paylaşım vasitəsilə bir daha bildirmək istəyirik.