
Qəndab Həsənova
2022-2023
Qaliblərimizdən biri olan Qəndab Həsənova 2017-ci ildə 626 balla Bakı Mühəndislik Universitetinin İnformasiya Texnogiyaları ixtisasına qəbul olub və 2022-ci ildə 96.55 ÜOMG ilə ixtisasın Sabah qrupları üzrə fəxri məzunu seçilib. Universitet illəri ərzində fərqli “bootcamp”lara və təlimlərə qoşularaq öz inkişafı üzərində daim çalışıb və İT sahəsində öyrəndiklərini mentor olaraq bu sahəyə yeni başlayanlar ilə paylaşaraq onların inkişafında öz rolunun olmasına səy göstərir. Hazırda magistr təhsilini Estoniyanın Tartu Universitetində “Kompüter Elmləri” ixtisası üzrə davam etdirir.

İlahə Yusifli
2022-2023
Qaliblərimizdən İlahə Yusifli 2018-ci ildə Bakı Dövlət Universitetində “Korreksiyaedici təlim” ixtisasına daxil olub və 2021-ci ildə təhsilini 91+ ÜOMG ilə bitirib. Bakalavr təhsilinin başlanğıcında Amerikanın “Georgetown” universitetinin “Uşaq sağlamlığı, təhsili və sosial inkişafı” beynəlxalq proqramına qəbul almış və uğurla məzun olmuşdur. Eyni zamanda, ixtisasi ilə bağlı olaraq inkluziv bir bağçada uzun müddət könüllü fəaliyyət göstərmişdir. Bakalavrın son 2 ili boyunca isə ixtisas sahəsində, fərqli uşaq inkişaf mərkəzlərində işləyib və həmin illər boyunca paralel olaraq dünyaca məşhur “Wisc-R IQ”, “Obyektiv-proyektiv” və s. beynəlxalq testlərin təlimini almış, müntəzəm olaraq ixtisas sahəsində elmi konfranslarda iştirak etmişdir. Hal-hazırda isə təhsilini Macarıstanın “Szeged” Universitetində “Təhsil Elmləri” üzrə davam etdirir.

Adil Abdurrazaklı
2021-2022
MISP-in ilk qaliblərindən biri olan Adil Abdurrazaklı 2016-cı ildə 681 balla Bakı Mühəndislik Universitetinin “Kompüter mühəndisliyi” ixtisasına qəbul olmuş, 2021-ci ildə 98 ÜOMG ilə həmin ixtisasın ingilis bölməsindən ixtisas birincisi olaraq məzun olmuşdur. Universitetdəki İKT elmi-təqdiqat mərkəzində mentor/təlimçi kimi fəaliyyət göstərərək bir sıra “boostcamp”ların təşkilində iştirak etmiş, İT sahəsindəki biliklərini universitetə yeni qoşulan tələbələrlə bölüşərək onların bu sahədəki imkanlarla daha tez tanış olmasına yardımçı olmuşdur. Adil 2021-ci ildə Tartu Universitetinin “Proqram Təminatı Mühəndisliyi” üzrə magistr proqramında təhsil almaq hüququ qazanmışdır.

Muhəmməd Səmədzadə
2021-2022
“MISP”nin ilk qaliblərindən olan Muhəmməd Səmədzadə 2017-ci ildə Fransız-Azərbaycan universitetində (UFAZ) “Kompüter elmləri” üzrə bakalavr dərəcəsinə daxil olmuş və təhsilini 2021-ci ildə 97.7 ÜOMG ilə bitirmişdir. Bakalavr təhsili müddətində ilk əvvəl “İnformasiya və Kommunikasiya Texnologiyalarının Tətbiqi və Təlim Mərkəzi”, “İnnovasiya Agentliyi” və “Elektron hökumətin inkişafı mərkəzi” kimi qurumlarda təcrübə proqramlarında iştirak etmiş, daha sonra isə “Kiber Təhlükəsizlik” kurslarına seçilmiş 20 tələbə arasında yer almışdır. Muhəmməd 2021-ci ildə Macarıstanın ən yaxşı universitetlərindən biri olan Eötvöş Lorand universitetində “Kompüter elmləri” üzrə magistr proqramına qəbul olmuşdur.

Azər Qaraşov
2023-2024
Bu il üçün qaliblərimizdən biri olan Qaraşov Azər 2014-2018-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil almışdır. Təhsil müddəti ərzində bir sıra təlim-tədbirlərə, təcrübə proqramlarına və yarışmalara qoşulmuşdur. Buna misal kimi Topçubaşov adına məhkəmə müsabiqəsi və Knotty game adlanan intellektual oyunları göstərə bilərik.
Azər 2017-ci ildə Fransanın Strasburq şəhərində yerləşən Avropa Şurasına təhsil səfəri əldə edərək bir sıra təcrübələr qazanmışdır. 2018-ci ildə Bravo kimi tanınan “Azərbaycan Supermarket” MMC-də ilk əmək fəaliyyətimə başlamış, daha sonra “Qala Sığorta” ASC-də və “Expressbank” ASC-də aparıcı hüquqşünas kimi çalışmışdır.
Hazırda Estoniyanın Tartu Universitetində İnformasiya və Texnologiya Hüququ üzrə magistr təhsilinə başlayır.

Rüfət Nağıyev
2023-2024
Qaliblərimizdən Rüfət Nağıyev 2019-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Hüquqşünaslıq” ixtisasına qəbul olmuş və 2023-cü ildə ixtisası üzrə 96+ ÜOMG ilə məzun olmuşdur.
Tələbə olduğu dövrdə “Scopus” və “HeinOnline” kimi databazalarda dərc olunan BDU Tələbə Hüquq Jurnalında Məqalə Redaktoru və Baş Redaktor kimi fəaliyyət göstərmişdir. Bu müddət ərzində yerli və xarici müəlliflərlə əməkdaşlıq etmiş, Redaksiya Heyətinin işinin təşkil olunması, həmçinin jurnalın təmsil edilməsini həyata keçirmişdir.
Rüfət, eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Yay Təcrübə proqramında iştirak etmiş, həmçinin “Kapital Bank” ASC-də hüquqşünas kimi işləmişdir.
Rüfət hazırda magistr dərəcəsi üzrə ilk təhsil ilinə Estoniyanın Tartu Universitetində “İT Hüququ” üzrə başlayır.

Fatimə Aşumova
2023-2024
Qaliblərimizdən biri olan Fatimə Aşumova 2018-ci ildə 630 balla Azərbaycan Dövlət İqtisad Universitetinin “Biznesin idarə edilməsi” ixtisasına qəbul olmuş və 2022-ci ildə 97 ortalama ilə məzun olmuşdur.
Təhsil aldığı müddət ərzində bir sıra yerli və xarici şirkətlərdə biznesin inkişafı və analizi üzrə təcrübə proqramlarında iştirak edərək nəzəri biliklərini praktikada tətbiq etmək şansı əldə etmişdir.
Bundan əlavə, Fatimənin könüllü yardım fəaliyyəti də olmuşdur. O, “ISE Charity Club”ın yaradıcı olub və bu dönəmdə yardıma möhtac ailələrə dəstək göstərilməsində aktiv iştirak etmişdir.
Hal-hazırda Fatimə təhsilini Estoniyanın Tartu Universitetində “Innovation and Technology Management” ixtisası üzrə davam etdirir.
O, bununla yanaşı olaraq, Macarıstanda SOYA İctimai Birliyində layihə meneceri kimi təcrübə keçir.

Pərvin Paşalı
2023-2024
Dəyərli izləyicilər,
Fevral ayına qədər viza gecikməsinə görə 4-cü yeri qazanan Fatimə Aşumovaya verilən təqaüd Pərvin bəyin Çexiyaya gəlməsi ilə sonuncuya ötürülmüşdür. Önümüzdəki semestrın sonuna qədər təqaüd Pərvin bəyə təqdim ediləcəkdir.
Paşalı Pərvin 2016-cı ildə Bakı Dövlət Universitetinin “Dövlət və İctimai Münasibətlər” ixtisasına 529 balla qəbul olmuşdur. Təhsil illərində bir çox beynəlxalq və yerli layihələrdə iştirak etmiş, ixtisas biliklərini daha dərinləşdirmişdir.
Avropa İttifaqı və Böyük Britaniya krallığı tərəfindən təşkil edilən “Conflict School”, İpək Yolu Beynəlxalq Gənclər Təşkilatının “Gələcəyin Diplomatları” və Demokratik Təşəbbüslər İnstitutu tərəfindən keçirilən liderlik proqramlarının məzunudur.
Hal-hazırda Çexiyada, Masaryk Universitetində “Conflict and Democracy” proqramı üzrə təhsil alır.

Fatimə Kərimli
2024-2025
Bu il üçün qaliblərimizdən biri olan Fatimə Kərimli 2020-ci ildə Dövlət İdarəçilik Akademiyasının “Politologiya” ixtisasına daxil olmuş və həmin ixtisası 2024-cü ildə fərqlənmə ilə bitirmişdir.
Təhsil aldığı müddətdə AIESEC Azərbaycan, Enactus Azərbaycan, Azərbaycan Sahibkarlar Konfederasiyası, İrəli İctimai Birliyi və Gənc Avropa Səfirləri şəbəkələrində aktiv iştirak etmiş, yerli və beynəlxalq layihələrin idarəedilməsi üzrə təcrübə proqramlarında yer almışdır. 2023-cü ilin iyul ayında Dövlət İdarəçilik Akademiyasının Tələbə Elmi Cəmiyyətində aktiv fəaliyyətinə görə ölkəmizi Türkiyənin Bahçeşehir Universitetində təşkil olunmuş “Mədəniyyətlərarası Liderlik üzrə Beynəlxalq Universitet”də təmsil etmiş və UNESCO-nun “Sülh və Mədəniyyətlərarası Liderlik üzrə Gənc Səfiri” elan olunmuşdur. Daha sonra Polşanın Varşava şəhərində keçirilən “Gənc Liderlərin Avropa Forumu”nda da uğurla iştirak etmişdir.
Fatimənin əsas marağı sülh və münaqişə elmlərinə fokuslanıb. O, 2022-ci ildə “Münaqişə Məktəbi” layihəsini bitirmiş və George Mason Universitetinin Vaşinqtondakı “Study Visit” proqramında iştirak etmişdir. Məqsədi Cənubi Qafqaz və Vişeqrad ölkələrində milli kimlik mövzusunu müqayisəli aspektdən araşdırmaqdır.
Hal-hazırki tədris ilindən etibarən Polşanın Yaqelloniya Universitetində “Beynəlxalq Münasibətlər” üzrə magistr təhsilinə başlayacaqdır.

Rahil İsazadə
2024-2025
İkinci qalibimiz Rahil İsazadə 2020-ci ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” ixtisasına daxil olmuş və 2024-cü ildə fərqlənmə ilə bitirmişdir. Yeni tədris ilindən etibarən təhsilini Çexiyanın Masaryk Universitetində “Beynəlxalq Münasibətlər və Avropa Siyasəti” üzrə davam etdirəcək.
Rahil 2021-ci ildən Milliyyət Araşdırmalar Mərkəzində araşdırmaçı kimi fəaliyyət göstərir. Burada Yaxın Şərqdə millətçilik mövzusunda tədqiqatlar aparmış və “Ərəb millətçiliyinin Osmanlı dövləti daxilində formalaşması” adlı hesabat təqdim etmişdir.
2021-ci ilin yayında “Münaqişə Məktəbi” layihəsində, payızında isə Ankara mərkəzli ORSAM proqramında iştirak etmişdir. Eyni zamanda, BMT-nin Azərbaycandakı nümayəndəliyi və Gənclər və İdman Nazirliyinin təşkil etdiyi simulyasiya konfranslarında, NAM Gənclər Təşkilatının tədbirlərində, həmçinin IƏT Model–Beynəlxalq Münasibətlər Akademiyasının 2022 və 2023 proqramlarında fəallığına görə sertifikatlarla təltif olunmuşdur.
2022-2023-cü illərdə QAFSAM-ın xüsusi dəstək proqramında iştirak edib. 2023-cü ilin yanvar-aprel aylarında Topçubaşov Mərkəzində praktikant kimi çalışaraq “Beynəlxalq dəniz hüququ aspektindən Yunanistan-Türkiyə münasibətləri” mövzusunda tədqiqat təqdim etmişdir. May-iyun 2024-də AMEA-da təcrübə keçərək “Geosiyasi kontekstdə Türkiyə-Misir əlaqələrinin inkişafı” mövzusunda məqalə təqdim etmişdir.
Rahilin məqsədi Yaxın Şərq və Şərqi Aralıq dənizi regionlarının geosiyasi dinamikalarını araşdırmaqdır.

Çiçək Mollayeva
2024-2025
Üçüncü qalibimiz olan Çiçək Mollayeva 2020-ci ildə 501 balla Bakı Dövlət Universiteti Biologiya fakültəsinin “Biologiya” ixtisasına qəbul olmuş və 2024-cü ildə 90.05 ortalama ilə məzun olmuşdur.
O, BDU Molekulyar Biologiya və Biotexnologiya kafedrasının laboratoriyasında çalışaraq bir elmi məqalə çap etdirmiş, “Khan Academy” Azərbaycanca layihəsində tərcüməçi olmuş, müxtəlif kurs və layihələrdə iştirak etmişdir. BDU Tələbə Həmkarlar İttifaqı Komitəsində müavin kimi fəaliyyət göstərmişdir.
Qalibimiz “Womanium Biology – Astrobiology Program” layihəsində xüsusi fərqlənmə ilə təltif olunmuşdur.
Çiçək magistr pilləsində Vilnius Universitetində “Molecular Biotechnology” ixtisasına qəbul olunub.

Samirə Hüseynli
2024-2025
Qaliblərimizdən Samirə Hüseynli 2016-2020-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir. Tələbəlik və peşə fəaliyyətində “Bakı Münaqişə Məktəbi”, “Demokratiya Məktəbi”, “EU4 Dialogue Changemakers Forum” və digər yerli-beynəlxalq treninglərdə iştirak etmişdir.
Peşə fəaliyyətinə yerli media qurumlarında müxbir və sayt admini kimi başlayıb; ən uzunmüddətli iki illik fəaliyyəti Azadlıq Radiosunun Azərbaycan servisində olub. Multimediya hekayələri toplayıb, redaktə edib və spark-kontent hazırlayıb.
Hal-hazırda magistr pilləsində Litvanın Vytautas Magnus Universitetində “Gələcək Media və Jurnalistika” ixtisası üzrə ilk ilinə davam edir.
