Məhəmmədəli İbrahimli
Məhəmmədəli Mütəllim oğlu İbrahimli 1996-cı ildə Beyləqan rayonunda anadan olmuşdur. O, əslən İkinci Qarabağ Müharibəsinə qədər işğal altında olan Füzulinin Cuvarlı kəndindən idi. Məhəmmədəli İbrahimli 2003-2014-cü illərdə 215 nömrəli orta məktəbdə təhsil almışdır. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bakalavr təhsilini aldıqdan sonra 2018-ci ildə Azərbaycan Texniki Universitetində magistr təhsili almağa başlamış və 2020-ci ildə məzun olmuşdur. Məhəmmədəli İbrahimli hər zaman ətrafındakı insanlar tərəfindən vətənpərvər gənc olaraq tanınmış, hər kəsin dərin hörmət və sevgisini qazanmışdır. Bundan əlavə, o, Qarabağ futbol klubunun “İmarət” azarkeş qrupunun ən fəal üzvlərindən olmuşdur.
Məhəmmədəli İbrahimli 2020-ci ilin yayında doktorantura səviyyəsində təhsil almaq fikrindən imtina edib həqiqi hərbi xidmətə yollanmışdır. O, Azərbaycan Ordusunun kəşfiyyatçı əsgəri olmuş və 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsində iştirak etmişdir. Oktyabrın 3-dən 4-nə keçən gecə baş vermiş döyüşlərdə ağır yaralansa da, bir həftə hospitalda müalicə aldıqdan sonra tam sağalması üçün gözləməli olduğu barədə barədə təkidlərə və tövsiyələrə baxmayaraq, yenidən cəbhəyə qayıtmışdır. Məhəmmədəli İbrahimli 13 oktyabr 2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur və 15 dekabr 2020-ci ildə Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Məhəmmədəli İbrahimli Təqaüd Proqramı
Dünyanın fərqli nöqtələrində məskunlaşan azərbaycanlı tələbələrin magistr səviyyəsi üzrə təhsilini dəstəkləmək məqsədilə yaradılmışdır. Təqaüd Məhəmmədəli İbrahimlinin Azərbaycan və azərbaycanlıların inkişaf, təhsil və parlaq gələcəyə sahib olması ideya və məqsədlərinə uyğun olub həm onun xatirəsini yaşatmaq, həm də bu məqsədlərə töhfə verməyi hədəfləyir.
Təqaüd proqramına
Müraciət şərtləri
- Azərbaycanlı olmalı (vətəndaşlıq mənsubiyyətindən asılı olmayaraq dünya azərbaycanlıları nəzərdə tutulur)
- Vişeqrad (Çexiya, Slovakiya, Macarıstan, Polşa) və ya Baltikyanı (Estoniya, Latviya, Litva) ölkələrdən birində yerləşən universitetlərdən magistr səviyyəsi üzrə qəbul təklifi almış və yaxud orada təhsilini davam etdirmiş statusda olmalıdır (yəni, magistr təhsilinin ilk ilini bitirənlər və ikinci il üçün təqaüdə müraciət edənlər də dəyərləndiriləcəkdir.
- Təhsil alacağı sahədə yüksək akademik göstəricilərə sahib olmalıdır
2024-2025 təhsil ili müddətində seçilən üç mükafatçı sentyabr-may ayları ərzində hər ay 200 avro miqdarında təqaüd alacaqdır. Hal-hazırkı mərhələdə yalnız üç nəfərin mükafatlandırılması nəzərdə tutulsa da, gələn ianələrin miqdarından asılı olaraq mükafatçı sayının və yaxud mükafat miqdarının artırılması istisna edilmir.
Mükafatçılardan təqaüd müddətini bitirdikdən sonra Məhəmmədəli İbrahimlinin ailəsinə minnətdarlıq və təşəkkür məktubu yazılması xahiş olunacaqdır.